> <
Azərbaycanın sirli Avroviziya mahnısı: Mata Hari kimdir? – Maraqlı faktlar | Kivnews.com
Baş səhifə
Əlaqə
Məzənnə:
4271 - dəfə oxunub

Azərbaycanın sirli Avroviziya mahnısı: Mata Hari kimdir? – Maraqlı faktlar

Spread the love

Azərbaycan təmsilçisi Samirə Əfəndi Avroviziya mahnı müsabiqəsində finala adladı. Təmsilçimiz artıq “Mata Hari” adlı mahnısıyla ilk finalçılar arasındadır. Səhnə performansı ilə diqqət çəkən Samirənin ifa etdiyi mahnısında adı çəkilən şəxsin kim olduğu da müzakirə mövzusudur.

Mata Hari kimdir?

Əsl adı Marqareta Gerturda Zelle olan Mata Hari 1876-cı ildə anadan olub. “Mata Hari” adının mənası malay dilində “sübhün gözü”, hind dilində isə “sübhün gözbəbəyi” deməkdir. Tarixdə qeyri-adi həyatı və barəsində irəli sürülən bir-birindən ziddiyyətli iddialarla xatırlanır. Həmin iddialardan birinə görə, Hindistanın bir cənub şəhərində – Malabar sahilində doğulub. Atası Brahman ruhanisi, anası isə rəqqas idi. Kanda-Svami məbədində ona erkən yaşlarından müqəddəs rəqslər öyrədilib. Məbədin baş rəqqasəsi Mata Haridəki qeyri-adi istedadı gördükdən sonra onun həyatını tanrı Şivaya həsr etmək qərarı vermişdi.

Digər mənbələrin, xüsusən də qohumlarının dediklərinə görə, Mata Hari 1876-cı il avqustun 7-də Hollandiyanın Leuvarden şəhərində anadan olub. Həmin mənbələrdə atasının tacir, anasının isə evdar və gözəl qadın olduğu bildirilir. Marqaretanın atasının papaq dükanı vardı.

Məktəb direktoru və kapitan

Marqreta 18 yaşına çatanda müəllimlər məktəbində oxudu. Çox keçmədən məktəb direktoru gözəl və istedadlı şagirdinə aşiq oldu. Amma Marqareta yaşlı direktorun nağıllarını dinləməyə vaxt tapmadı. Bir müddət sonra məktəbdən ayrılıb Laheydə yaşayan əmisinin yanına getdi. Burada bir zabitlə evlənməyi xəyal edirdi. 1895-ci ilin əvvəllərində qəzetdə diqqətini çəkən bir elan oxudu. Hollandiya müstəmləkəsi olan İndoneziyada xidmət edən və məzuniyyətini keçirmək üçün Laheyə gələn bir kapitan evlənmək istəyirdi. Yəni fürsət ayağına qədər gəlmişdi. Əslində reklam sadəcə bir zarafat idi. Kapitanın jurnalist dostu bunu zarafat üçün qəzetə qoymuşdu.

Kapitanın aldığı on beş məktubdan yalnız biri diqqətini çəkdi. Mata Hari məktubuna öz şəklini də qoymuşdu. İki gənc bir-birlərini görən kimi aşiq oldular. Elə həmin il iyulun 11-də evləndilər. Bir il sonra yanvarın 30-da Norman adlı bir oğulları oldu. Rudolf və Marqareta 1897-ci ildə Yava adasına yola düşdülər. O andan etibarən Mata Harinin əsl şəxsiyyətini qavramaq mümkün olmayan qarışıq bir dövr başladı. Amma hadisələr öc məcrasında gedirdi, ən azı elə görünürdü. Mari Janna adını verdikləri bir qızları vardı. Çox keçmədən balaca Norman zəhərlənərək öldü. Bundan sonra həyatı cəhənnəmə bənzəməyə başladı. Mata Hari həm özünü, həm də xoşbəxtliyini axtarırdı.

Tarix səhnəsinə atılan addım

Əri sərxoş və aqressivdi, bu səbəbdən ailə münasibətləri pisləşdi. Marqareta bu bədbəxtlikdən uzaqlaşmaq üçün rəqs də daxil olmaqla İndoneziya mədəniyyəti və ənənələrini öyrənməyə başladı. Ailə münasibətləri daha da pisləşdi. Cütlük 1902-ci ildə Hollandiyaya qayıtdıqdan sonra ayrıldı. Ərindən aldığı aliment Mata Hari üçün yetərli deyildi. Zelle sirk sürücüsü, sənət dünyası üçün bir model və ekzotik rəqsləri ifa edən bir rəqqas kimi işlədiyi Parisə köçdü. Qərarını vermişdi; həyatı sevdiyi rəqslə məşğul olmaqdan ibarət olacaqdı.

Avropada Şərq mədəniyyətinə maraq artmışdı. Mata Hari 1905-ci il martın 3-də Gime Muzeyində təşkil edilən bir tədbirdə hindlilərin müqəddəs rəqslərini oynadı. Oradakılar yalnız gözəlliyinə heyran qalmadılar, həm də istedadına aşiq oldular. Beləliklə, Mata Hari tarix səhnəsinə addımı atmışdı. Mata Hari adını da burada götürdü və özü haqda romantik əfsanələr yaratdı. Məsələn, ekzotik rituallar və hind rəqsləri təhsili almış İndoneziya şahzadəsi olduğunu iddia etdi. Onun ifası sensasiyaya çevrildi. Gözəlliyi, ecazkar bədəni, özünəinamı və duyğusallığı ilə hər kəsi ovsunladı.

Mata Hari seksual çıxışları və fotosessiyaları ilə Avropadakı pərəstişkarlarını məmnun etdi. Aralarında fransız diplomatı Jül Kambon və Almaniya vəliəhdi də daxil olmaqla müxtəlif ölkələrin bir çox dövlət adamları, siyasətçiləri və hərbçiləri ilə eşq yaşadı. O dövrdə tez-tez Hollandiyaya da gedirdi və bir sıra görüşlər keçirirdi. Birinci Dünya Müharibəsi dövründə baş tutan bu müəmmalı gediş-gəliş müttəfiqlərin əks-kəşfiyyatının diqqət mərkəzinə çevrildi.

Cəsarətli, amma tənha

1912-ci ildə Fransada vətənpərvərlik demək olar ki, bir məzhəbə çevrilmişdi. Hamı sanki hər yerdə casus görürdü. Buna görə də, Fransa kəşfiyyatı onu saxladı və Hərbi Nazirlikdə adına cinayət dosyesi açıldı. Mata Harinin bir alman zabiti ilə yaşadığı deyilirdi, eyni zamanda, gənc pilotlarla görüşdüyü iddia edildi. Ancaq ona qarşı ən kiçik bir dəlil əldə etmək mümkün deyildi. Bundan sonra Mata Harinin deportasiya edilməsinə qərar verildi.

Mata Hari bu qərardan sonra Fransaya işlədiyini söylədi. Hətta bu iddianı sübut etmək üçün çox səmimi olduğu Almaniya vəliəhdi və Brunsvik qrafından məlumat alaraq fransızlara ötürə biləcəyini iddia etdi. Bu təklifi dərhal qəbul olundu və Mata Harinin İspaniyaya gedib İngiltərəyə keçməsinə qərar verildi. Ancaq Mata Hari İngiltərəyə ayaq basanda Gizli Kəşfiyyat Xidməti onu yenidən İspaniyaya qaytardı. Yəni bütün bu səhnə Mata Hari üçün qurulmuş tələdən başqa bir şey deyildi. Heç kim ona inanmırdı; cəsarətli, ancaq tənha idi.

Agent “H-21”

Mata Hari müharibənin əvvəllərində Almaniyada idi. Parisə getmək istədiyini dilə gətirdi. İddiaya görə, bundan sonra Almaniya hökuməti ona ayırdığı pul və sərvətdən məhrum etdi. Bundan sonra Hollandiyaya getdi, bitərəf qaldı və uzun müddət sevgilisi onu evlərindən birinə yerləşdirdi. Ancaq Mata Hari bir yerdə oturub müharibənin bitməsini gözləyə bilmədi. İngiltərə üzərindən Parisə getdi və köhnə dostlarına baş çəkdi. Britaniya kəşfiyyatı həmin dövrdə onun almanlar üçün casusluq etdiyindən şübhələnirdi.

Mata Hari Parisdə Fransa ordusunda xidmət edərkən qismən kor olan bir gənc rus kapitanına aşiq oldu. Xəstəxananın girişində ingilislərdən casusluqda şübhəli olduğunu öyrənən bir fransız əks kəşfiyyat zabiti ilə qarşılaşdı. Ondan əlaqələrini Fransa üçün istifadə etməsini istədi. Mata Hari yeni sevgilisi ilə birlikdə yaşamağı planlaşdırdığı pula görə bunu etməyə razı oldu.

Mata Hari alman attaşesini yoldan çıxaracağı kiçik bir missiyaya getdi. Fransızlar 1916-cı il dekabrın 13-də “H-21” adlı agentin İspaniyaya gəldiyini bildirən şifrəli məktub aldılar. Almaniyanın ikitərəfli agentdən yaxa qurtarmaq üçün telefon danışıqlarını bilərəkdən yox etmək ehtimalı var. Eyni zamanda, müttəfiq qoşunlar ağır itkilərə məruz qalmışdı, komandanlığın bu uğursuzluqlara görə “günah keçisi”nə ehtiyacları vardı.

Ölümü gözləyərkən

Madriddə də Mata Harinin davranışı şübhə doğurdu. İddiaya görə, Mata Hari Almaniyanın quru və dəniz attaşelerinin məşuqəsi idi. Mata Hari 1917-ci il mayın 2-də Parisə qayıtmağa qərar verdi. Ancaq dostları ona izlənildiyini bildirərək, qərarından imtina etməsini tövsiyə etdilər. Bu xəbərdarlıqların heç birinə əhəmiyyət vermədi. Özünün günahsız olduğunu deyirdi. Mata Hari xidmətinin haqqı gözləyərək Parisə qayıtdı, ancaq işəgötürənlə əlaqə qura bilmədi. 1917-ci il fevralın 13-də casusluq ittihamı ilə Fransa kəşfiyyatı tərəfindən həbs edildi.

Keçmişi haqqında danışılanlar, Paris səhnələrindəki performansları uğur qazanmasına kömək oldu, ancaq istinaqda ona zərər verdi. Hekayə qəribə idi. Məlum oldu ki, Mata Hari vaxtilə alman kəşfiyyatından casusluq üçün pul almış, lakin bunu etmək istəməmiş, ancaq pulu müharibənin əvvəlində ələ keçirdiyi əmlakın təzminatı olaraq almışdı. Beləliklə, həbs olunduqda üzərində pul aldığına dair ələ keçən sənəd ilk dəlildi. Digər bir dəlil isə 1915-ci ildə Fransaya qayıtmazdan əvvəl Almaniya Gizli Xidmətindən aldığı 30 000 markın fakturası idi. Məhkəmənin sözügedən pulla bağlı ittihamını “Hədiyyədir” deyərək rədd edən Mata Hari güclü sübutların olmamasına baxmayaraq edama məhkum edildi və 1917-ci il oktyabrın 15-də güllələndi. Güllələnərkən, gözlərinin bağlanmamasını istədi – ölümün gəlişini görmək üçün…

Bizimlə əlaqə
Telefon: 050-289-31-71
Email: kivnews@mail.ru

Oxşar xəbərlər
İlham Əliyev İranın yeni prezidentini təbrik etdi
19/06/2021
Şuşada 20 raket, 7 mindən çox patron tapıldı
19/06/2021
66 yaşlı kişi ilə 48 yaşlı qadın aylardır itkin düşüb – Foto
19/06/2021
“Sosial media saxta xəbərləri böyüdür” – Hikmət Hacıyev
18/06/2021
Aslan İsmayılov: “Əbülfəz Elçibəyə Etibar Məmmədov kimilərinin dil uzatması həyasızlıqdır”
18/06/2021
Prezidentlə xanımı Bakıda hotel açılışında – Fotolar + Video
18/06/2021
Nazilə Səfərli polisə çağırıldı
18/06/2021
Paşinyan yenə hiddətləndi – Xalq ondan üz döndərib
18/06/2021
Azərbaycanda Türkiyə hərbi bazası yaradılır? – Lavrovdan reaksiya
18/06/2021
Əhməd Əhmədova hökm oxundu – 11 il cəza
18/06/2021
Van Dammın azərbaycanlı qudası polkovnik imiş
18/06/2021
Emin Əmrullayev tələbələrə veriləcək kreditlərdən DANIŞDI
18/06/2021
Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir
18/06/2021
Nura Surinin oğlu qəzaya düşdü – Fotolar + Video
18/06/2021
İlham Əliyevdən hərbi çağırışla bağlı SƏRƏNCAM
17/06/2021